313 HƏSRƏTİ İLƏ GÖZLƏYİRİK: AMMA…

Hər gün yaşadığımız mühitin qaranlıq küçələrində, boğaza qədər çirkablı sularında gəzməyə məcbur insanlarıq. Aldığımız çirkli havanı iman filtrimizdən keçirə bilmədiyimiz üçün qəlbimizdə ağ nöqtə belə tapa bilmirik. Qəsavət bağlayan qəlbimizlə deyil, yalana öyrəşdirdiyimiz dilimizlə hər namazdan sonra “Allahum mə külli vəliyyukən…” deyərək Səni çağırırıq. Sonra da niyə gəlmirsən deyə fəryad edirik. Amma bu göz yaşlarımız da saxtadır sanki. Çünki həqiqi göz yaşı qəlbin qüsludur. Qəlbin paklanması üçün göz yaşı  yeganə vasitədir. Amma bu ləzzətdən də məhrum olan bizlər elə 313 həsrəti ilə gözləyirik. Amma kimi gözləyirik? Görəsən bunu özümüz bilirikmi?

Görəsən Sənin gəlməyini niyə istəyirik? Banka olan kredit borcumuzun ödənilməsi üçünmü? Yoxsa, kasıblığın daşını atıb rifah içində yaşamaq üçünmü? Bəlkə, nəzərimizdə olan “haqq ədalətin” bərpasını istəyirik?

Özümüzü aldadırıq. Ömrü beləcə də başa vurub əsl haqq dünyasına doğru gedirik. Pərdələrin açılacağı gün qarşılaşacığımız mənzərəni isə düşünmək belə istəmirik. Çünki hər birimiz Allahın rəhmətindən çox oxuduğumuz elmə, tutduğumuz oruca, qıldığımız namaza güvənirik. Allahın rəhməti yaddan çıxır.

Görəsən bir dəfə olsun bu dünyaya niyə gəldiyimizin mahiyyətini düşünmüşükmü? Ancaq hər gün bir az yeməyi konveyirdən keçirən, nəfsinin alovlarını söndürən bir varlığıqmı? Görəsən bunun üçünmü gəlmişik bu dünyaya? Biz bəlkə də belə düşünmürük. Amma həyatımız demək olar ki, bundan ibarətdir. Namazı işimizə görə gecikdiririk ki, “ruzi qazanmaq savabdır.” Orucu tutmuruq ki, mən ağır işdə işləyirəm çörək qazanıram alınmır. Digər məsələlər də bu qaydada. Hamısının kökündə “çörək” dayanır. Deməli elə həyatın mahiyyətini çörəkdə görürük. Düzdür insan yeməlidir, içməlidir, yatmalıdır. Amma…

Hər cümə gələndə İmam (ə.f) yolunu gözləyirik. Bizim misalımız bir hadisə ilə üst-üstə düşür. Bir qrup böyük alim yığışır müzakirə edirlər ki, aralarından ən təqvalısını seçsinlər, həmin alim də müəyyən dualar etsin və İmamla (ə.f.) görüşüb zühur etməməsinin səbəbini soruşsun. Belə də edirlər. Seçilən təqvalı alim dualar edir ki, İmamla (ə.f.) görüşsün. Yatır yuxuda görür ki, cənnətdədir. Mələklər ona bir gözəl imarəti göstərib deyirlər ki, bura sənin evindir və orda sənin üçün gözəl bir huri də var. Alim evin qapısını açmaq istəyəndə bir nəfər gəlir ki, İmam (ə.f.) zühur edib durma gəl səni çağırır. Lakin o, gələn elçiyə deyir ki, sən get mənim bir az işim var gəlirəm. Həmin təqvalı alim yuxudan ayılır və ağlayır. Əhvalatı olduğu kimi digərlərinə danışır.

Bəlkə bu barədə bir az düşünək…

Müəllif: Əli Cəfəri

misbah.az

Müəllif:

Kateqoriyası: