İMAMA (əc) BAĞLILIQ

Dünya ədalət teşnəsi, xalqlar hər zaman ədalət intizarında olublar. Allahın ən üstün sifətlərindən olan ədl, dünyada ilahi tərəzi olan – zühur edəcək İmamın (əc) vasitəsilə yer üzündə bərpa olacaq. Bu İmamın (əc) cismani zühuruna deyil, aləmdə Vilayətinin həqiqətinin zühuru ilə baş verəcək. Hər şey Vilayət konsepsiyasının əsasında Onun (əc) idarəçiliyi ilə formalaşacaq və hər şey öz layiq olduğu yeri tutacaq. Necə ki, ədalət hər şeyin öz yerində qərar tapmasına deyilir.

Tam mənada ədalətli insan o kəsdir ki, İmamın (ə) vilayəti və məhəbbəti qəlbində yer alsın. Bundan sonra belə bir möminin zahirən ədalətli sayılan rəftarı və bütün əməlləri ədalətlidir. Çünki onun tərəzisi İmamın (ə) tərəzisiylə eynidir və ədalət sifəti onda zühur etmişdir. Bir sözlə İmama (ə) itaətdə olan, onun məhəbbətinin nuruyla işıqlanan qəlb adildir. Çünki insanın bütün tərəziləri Onun (ə) sevgi və nifrətilə tənzimlənir. Buna nail olmaq üçün mömin öz vücudunda İmamın (ə) qələbəsi üçün əlverişli şərait yaratmalı və onun vücudu tamamilə İmamına (ə) təslim və təqdim olmalıdır.

Allahın planına əsasən, İmamlar (ə) qayıdacaq və Onlara (ə) təslim və təqdim olunan bütün qəlblərə sahib çıxacaqlar, “ədalət” Onların (ə) vasitəsilə zühur edəcək. Vilayət günəşi bütün aləmə saçacaq, məxluqlar Allahın bəndəliyində, tövhiddə olacaqlar, tərəzilər isə yalnız “ədaləti” göstərəcək. Zühurdan doğan ədalət sayəsində bəşər övladı zaman, enerji və digər sərmayələrin istifadə və istismarında ən sərfəli imkanlar əldə edəcək. Vilayət sahibi (Vəliyyi Əsr) Həzrət (əc) bəşərin başına əlini çəkəcək, insan ağlı 40 dəfə artacaq. Vilayət işığında insan ağlı kamilliyə doğru sıçrayış edəcək.

‌İmam Sadiqdən (ə) nəql olunan rəvayətə görə, İmam Zaman (əc) çağırış etdikdə 313 nəfərin hamısı dərhal onun yanında olacaqlar. (İsbatul-Hudat, cild 7, səh.:94). Onlar İmamın (əc) yanında olmağa iradə etdikləri an Həzrətin (əc) yanında olarlar. Bu, bir qüvvədir. İnsan İmamla (əc) olduqda bu qüvvəyə malik olur. İmam (əc) (vəliyyi-əmr) əmr sahibidir. İmamla olmaq məqamına çatan, var gücünü İmam üçün sərf edən bir insanda Allahın əmri peyda olar.

Bəs Allah əmri nədir?
Allah Taala deyir: “Mənə itaət et, “kun fə yəkun” məqamına çatarsan. “Ol” desən, olar”.

İmam (əc) da bu əmrin sahibidir. İtaətdə ən yüksək məqamda olan İmamın iradəsi ilə aləm idarə olunur. Hətta dilə gətirməyə də ehtiyac yoxdur. Necə ki, Allahın bircə istəyi bəs edər. İmam (əc) da elədir. Bir insan İmama (əc) bağlı olsa, İmamda olan ilahi əmr insanın vücudunda da peyda olar. Bu, həmin “ismi-əzəm”dir. Şərti də İmamla (əc) və ona vəfalı olmaqdır.

Qəlbində İmamdan qeyrisi olan şəxs, qüvvəsini də başqası ilə bölüşəcək. Hətta qəlbində İmamı ilə yanaşı özünə də yer versə, daha imamına vəfalı ola bilməz. İstəklər toqquşanda enerji və zamanı da fərqli yerlərə parçalayacaq. İmama vəfalı olmaq üçün vücudu yalnız İmamla doldurmaq lazımdır. Yolu isə qüvvəmizi Ona sərf etməkdədir. Qüvvəmizi Onun istəyi və əmrlərinə sərf etməklə addım-addım Onun vücudunun dəryasına daxil olur, tamamilə Onunla ləbriz olana qədər irəliləyirik. Başa düşürük ki, İmamına (əc) vəfalı kəs vücudunun dolu qabı ilə Onun pişvazına yollanır. Həm qabını təmiz saxlayır, həm şərbətini sərin və güvara edir. Kimin gələcəyini, nə sevdiyini bilən intizar əhli müsafirin zövqunu oxşamağa çalışır.

Bu zühura hazırlıq deməkdir.

“Cameətul-Kəbirə” ziyarətnaməsində oxuyuruq:

…  وَقَلْبى لَكُمْ مُسَلِّمٌ، وَرَأيى لَكُمْ تَبَعٌ، وَنُصْرَتى لَكُمْ مُعَدَّةٌ حَتّى يُحْيِىَ اللهُ تَعالى دينَهُ بِكُمْ، وَيَرُدَّكُمْ فى اَيّامِهِ، وَيُظْهِرَكُمْ لِعَدْلِهِ، وَيُمَكِّنَكُمْ فى اَرْضِهِ، فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ غَيْرِكُمْ …

Məsum imama xitabən:
… Qəlbim sizə təslimdir, düşüncələrim sizə uyğun, Allah, dinini sizin vasitənizlə dirçəldəndə, Allaha aid günlərdə (Əyyamullahda) sizi geri qaytaranda, ədalətinin tələbilə sizi zahir və yer üzündə sizə güc-qüvvət verəndə bütün imkanlarım sizə kömək etmək üçün hazırdır.

İmam Baqir ələyhissəlamdan rəvayət olunan hədisə əsasən Əyyamullah (İlahi hakimiyyətin qələbə çaldığı, batilin məğlub olub kökü kəsildiyi gün)  3 gündür: Zühur, Rəcət, Qiyamət. (Şeyx Səduq, Əl-xisal)

Əli Cəfəri 

Misbah.az

Müəllif:

Kateqoriyası: