İNTİZARLA BAĞLI ÇOX MÜHÜM QEYDLƏR 🔈

Rəvayətlərdə qeyd olunan ən üstün, ən fəzilətli əməllərdən biri Fərəcin intizarıdır (Zühuru gözləyib, ona hazırlıq görməkdir): “Əfzəlu ə`məli ümməti intizarul-Fərac” (“Ümmətimin əməllərindən ən üstünü Zühurun intizarıdır”)

Deməli, intizar bir əməldir.

Bəs ən üstün əməllərdən olan bu intizar nədən ibarətdir?

Gözləməli olduğumuz və gözlədikdə ən üstün əməli yerinə yetirdiyimiz Fərəc ümumi fərəcdir ki, Allah –Təala İslam Peyğəmbərinə (s) və Əhli-beytə (ə), hətta tarix boyu bütün digər peyğəmbərlərə, bütün möminlərə onun vədəsini verib.

Peyğəmbəri-Əkrəmə (s) vədə verilmiş bu ümumi Fərəc zamanı onun dini bütün aləmə izhar olacaq.

Allah Peyğəmbərini (s) göndərəndə aləmdəki şərait çox çətin idi. “Nəhcül-Bəlağə” kitabında və digər mənbələrdə buna işarə olunub. Həmin dövrdə mədəniyyət, iqtisadiyyat, məişət, əxlaq və s. cəhətlərdən xalqın vəziyyəti təəssüf doğururdu. Kimsə inanmırdı ki, Kəbədən ucalan bu nida, bir insanın xalqı tövhidə, Allah bəndəliyinə dəvət etməsi, yaxşı işlərə səsləməsi aləmdə bu qədər təsirli olacaq. O zamanın bütün imkanları əllərində olan böyük dövlətlərin (bugünkü dünyamızda olduğu kimi), İran və Roma imperiyaları kimi nəhəng imperiyaların bu dəvətə təslim olacaqlarına heç kəs inanmırdı. Lakin Peyğəmbər (s) elə həmin çətin dövrdə böyük qələbənin müjdəsini vermişdi.

Müsəlmanlar Mədinə şəhərinə daxil olduqda ağır iqtisadi məhrumiyyətlərlə üzləşmişdilər. Peyğəmbərlə (s) Məkkədən gələn mühacirlər hətta yeməyə bir şey tapmırdılar. Döyüşlərdən biri barədə yazılanlara əsasən, həmin dövrdə Peyğəmbər (s) ordusunun adama bir günə bir xurma qədər yeməyi də yox idi. Məhz belə bir şəraitdə Hz. Məhəmməd (s) qələbə çalacaqlarına, İran və Romanı fəth edəcəklərinə dair vədə vermişdi. Belə sözlər o zaman bəzilərində çox təəccüb doğurur və inanılmaz görünürdü. Necə ola bilər ki, öz kiçik toplumunu idarə edə bilməyən bir Peyğəmbər (s) İran və Roma kimi nəhəng imperiyaları fəth edib, onları özünə tabe etsin?! Lakin Allah-Təala elə əvvəldən Peyğəmbərə (s) bu zəfərin vədəsini vermişdi: “Huvəlləzi ərsələ rasuləhu bil-hudə və dinil-həqq”.

Allah Peyğəmbəri ilə birlikdə iki şey göndərib:

1.     Bütün camaat üçün nəzərdə tutulan hidayət. Bu hidayət nuru yalnız bir gün və bir cəmiyyət üçün deyil, bütün insanlar və bütün dövrlər üçündür.

2.     Haqq olan din. Hər kəsin, hətta kafirlərin də bir dini var. Hərənin bir məbudu var. Necə ki, “Kafirun” surəsində deyilir:

Bağışlayan və mehriban Allahın adı ilə

1. De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri),

2. Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm.

3. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz,

4. Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm.

5. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz.

6. Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur».

Bu ayələrin nazil olma tarixində deyilir ki, Qureyş qəbiləsinin başçıları Peyğəmbərin (s) sözlərinin nüfuzlu olduğunu və insanlara təsir etdiyini gördükdə onunla müzakirə aparmaq və onu bir yolla özlərinə təslim etmək qərarına gəliblər. Ona dəvətindən, təbliğindən əl çəkməsi üçün maddi imkanlar, vəzifə, gözəl zövcə və s dünyəvi nemətlər təklif ediblər. Bunun müqabilində Hz. Məhəmməd (s) belə buyurub: “Günəşi sağ əlimə, ayı da sol əlimə versəniz belə, bu vəzifəmdən əl çəkən deyiləm”.

Bu halda ona başqa bir təklif irəli sürüblər: “Sən bizim allahlarımıza hörmət elə, biz də sənin Allahına hörmət edərik. Sən bizim bütlərimizə ibadət et, biz də sənin Allahına ibadət edərik”.

Bu zaman da Allahın Rəsulu (s) belə cavab verib: “Mən sizin bütlərinizə ibadət edə bilmərəm. Bu imkansızdır. Sizin mənim tərəfimdə olmağınız üçün tövhiddən əl çəkib bütpərəst ola bilmərəm! Elə siz də Allaha ibadət əhli deyilsiniz. Allahla bağlı mübahisədə sülhə, razilaşmaya yer yoxdur. Sizin öz dininiz var, mənim öz dinim. Sizin dininiz bütpərəstlik, dünyapərəstlikdən, mənim dinim isə Allaha ibadətdən ibarətdir”.

Burada söhbət ibadət edib, bütün həyatımızı ona həsr etmək istədiyimiz məbuddan, Allahdan gedir. Bütün həyatımız ona ibadətə çevriməlidir. İslam Peyğəmbərinə (s) bağlandıqsa, onun “beytun-nur”una, aləmdə qurduğu nübuvvət evinə daxil olduqsa, gərək o kəslərdən olaq ki, heç bir ticarət və alış-veriş onları namazdan saxlamaz. O kəslərdən ki, onların bazarı da, məktəbi də, evi də, çalışdığı idarəsi də məsciddir, hər işləri namazdır, ibadətdir, zikrdir, heç bir şeyləri zikr və bəndəçilikdən kənar deyil.

Əgər Peyğəmbər (s) kafirlərin şərtini qəbul etsəydi, həqiqətdə məğlub olmuş olardı. Çünki Allahla yanaşı bütlərə ibadət etmək artıq bütpərəstlikdir, tövhid deyil. Nəticədə, bütpərəstlər məqsədlərinə çatmış və qələbə çalmış olardılar.

Beləliklə, dediyimiz kimi, hər kəsin, hətta kafirlərin də bir dini, allahı, məbudu var. Biz dinin və ibadətin əslinə gəldikdə, azad deyilik, fəqirik, mütləq özümüzə bir məbud seçirik, ona ibadət edib bağlanırıq, cavanlığımızı, ömrümüzü, sərvətimizi, abrımızı ona xərcləyirik. Lakin fərq ondadır ki, bəziləri dünyanı, şeytanı, nəfsi, bütləri, tağutun dostlarını seçir, daşa, ağaca tapınır, bəziləri isə Allah-Təalaya ibadət edir. Bəziləri çox rahat Şeytana aldanırlar, bəziləri yox. Lakin İblisin çox dolaşıq planları var, o hamı üçün tələ qurub.

Böyük alimlərdən biri yuxusunda görür ki, Şeytan əlində qırılmış ağır zəncir və iplərlə gəlir. Alim soruşur ki, bunlar nədir? Şeytan deyir: “Bu, Allah bəndələrini tutub çəkdiyim ip və zəncirlərdir”. İplərdən birinin Şeyx Ənsariyə aid olduğunu deyən Şeytan etiraf edir: “ 9 ay bu ipi toxudum, o isə bir təkanla onu parçaladı”. Alim özünün ipinin hansı olduğunu soruşur? Şeytan deyir: “Sənin ipə ehtiyacın yoxdur ki! Özün dalımca gəlirsən”.

Şeytan belədir, insanları özünə ibadətə çağırır və onlara tələlər qurur, dörd tərəfdən həmlə edir. Şəhvət, şübhələr, axirətdən qəflət, dünyaya diqqət – Şeytan bunları insanda yaradır.

Bu dünyada ibadətsiz insan yoxdur. Kim bu dünyada qəlbini nəyəsə, yaxud kiməsə bağlamır, cavanlığını ona həsr etmir?! Biri gəncliyini nəfs, dünya və şeytana, digəri Rəbbinə xərcləyir.

Bütpərəsliyin arxasında tağut dostları dayanır ki, özləri insanlara müsallat olmaq üçün büt düzəldirlər. Taxtadan, daşdan, bunları da əllərindən alsan, başqa bir büt tapacaqlar. Məsəllən, dünya boyda, maddi Qərb mədəniyyəti genişliyində büt yaradıb, insanları ora ibadətə aparacaqlar ki, həmin “məbəd”də ibadət etsinlər, gecə-gündüz dünyapərəstliklə məşğul olsunlar. İnsanlar da gecə-gündüz dünya dalıyca qaçırlar və sonu yoxdur, çünki qaçqıqca bitmək bilmir. Allah və peyğəmbərlərə arxa çevirdikləri üçün sonsuz bir vadidə qaçmış olurlar.

Hz. Musanın (ə) ümməti sərgərdanlıq diyarı olan Tih vadisinə düşmüşdü. Səhərdən axşamadək yol gedib yenə eyni yerdə olduqlarını görürdülər. Yer ayaqlarının altında titrəyirdi. (Vadiye Tih – bir səhranın adıdır ki, Allaha itaət etmədikləri üçün Bəni-İsrail 40 il orada sərgərdan qalmışdı. Səhranın sonuna çatmaq üçün yol gedirdilər, lakin görürdülər ki, yenə də əvvəl hərəkət etdikləri yerdə qalıblar.)

Bu, dünyapərəstliyə bənzəyir. 70 il çalışırsan, görürsən ki, bir yerə çatmamısan və elə yolun əvvəlindəsən, bir addım da irəliyə getməmisən, əldə etdiyin bir şey yoxdur.

İki şey – ibadətin həqiqəti və din – mövcudluğu mütləq olan anlayışlardır. Hətta heç bir dini olmadığını iddia edən kəsin belə, bu dünyada nəfs və şeytan adlı bir məbudu var ki, onun üçün çalışır, ona ürək bağlayır.

Allah-Təala “Yasin” surəsinin 60-61-ci ayələrində buyurur:

“Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir?! Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!”.

Biz Allahla bir zaman əhd bağlamışıq, lakin unutmuşuq. Alimlər bizə hər gün “Əhd” duasını oxumağı tövsiyə etdikdə həqiqətdə bir vaxt İmam Zaman (ə.c) ağamızla bağladığımız əhdi yeniləməyə, unutmamağa səsləyirlər.

Ayədə vurğulandığı kimi, Şeytan bizimlə gizli düşmənçilik etmir, Allaha and içərək, 6000 il ibadətini (məlum deyil, bu illər dünya illərindəndir, yoxsa axirət illərindən) Adəm övladları ilə düşmənçilik naminə oda atdı, “Dörd tərəfdən onlara həmlə edib, hamısını cəhənnəmlik edəcəyəm və düz yola gedib Allaha bəndəlik etməyə qoymayacağam” dedi. Allah da  Şeytana yox, Ona ibadət etməyə çağırır və “Doğru yol budur” deyir.

Allah “Zariyat” surəsinin 56-cı ayəsində buyurub:

“Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım”.

Bu, çox mühüm bir məsələdir. İnsan üçün böyük bir müjdədir ki, o, nəfsinin əsarətindən qurtula bilər. Bəzən şeytan və nəfsin insana bağladığı düyünlər  o qədər dolaşıq olur ki, onlardan qurtulmaq inanılmaz gəlir. Allah-Təalanın bu bəşarəti isə onu göstərir ki, insan bütün şeytani bağlardan azad, dünyadan böyük olarsa, nəfs və şeytan vadisindən kənara çıxa, vəsvəsələrdən xilas ola bilər.

Allah öz Peyğəmbərini (s) heç kəsin zəfərə inanmadığı bir dövrdə göndərərək ona buyurur: “Biz sənə haqq olan bir din bəxş etdik və qərarımız da budur ki, bu din bütün digər dinlərə qalib gəlsin. Müşriklər bunu bəyənməsələr də.”

Bəzi müsəlman tayfaları hesab edirlər ki, bu ayə artıq həyata keçib, lakin bizim rəvayətlərdə bu ayənin hələ həyata keçmədiyi və Peyğəmbərə (s) verilən bu müjdənin İmam Zamanın (ə) zühuru dövründə reallaşacağı deyilir. Məhz həmin dövrdə haqq din olan tövhid dini kafirlərin bütün dinləri üzərində qələbə çalacaq. Dediyimiz kimi, onların da öz dinləri, məzhəbləri, ibadətləri, məbədləri var, sadəcə məbədləri fərqlidir.

Peyğəmbəri-Əkrəm (s) haqq dinlə, tövhidlə gəldi. Allah da ona buyurdu: “Aləmdə dinlər çoxdur, mən bu dini bütün dinlərə qalib etmək qərarındayam”. Bütün dinlər çəkiləcək kənara, bütün millətlər tövhidi qəbul edib, Allaha ibadət edəcək.

Bu bizim axtardığımız ümumi Fərəcin özüdür. Biz bunun intizarındayıq.

Allahın öz peyğəmbərinə verdiyi bu vədəni unutmayın! Bu vədə həyata keçəcək. Əgər unutsanız, daha düz yol əhli olmayacaqsınız.

Müəllif: Əli Cəfəri
Mətni səsləndirdi: Turanə Allahverdiyeva

Müəllif:

Kateqoriyası:

,