III DÜNYA MÜHARİBƏSİ VƏ ZÜHÜR HAQQINDA

ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ EHTİMALI HƏZRƏT MƏHDİNİN (Ə) ZÜHURU İLƏ BİR ARAYA SIĞIRMI?

İzah: Bir müddətdir ki, dünyada Üçüncü Dünya müharibəsi haqqında söhbətlər gedir. Deyirlər ki, əgər yer üzündə nüvə müharibəsi baş versə, dünyadakı bütün canlı aləm məhv olub gedəcək. Şərq və qərb dövlət başçılarının da çıxışlarında bu məsələyə toxunulur.

Belə bir sual yaranır ki, varlıq aləminə qadir və qəhhar Allah hakim olduğu halda, bir neçə imansız hoqqabaz dünyanın külünü göyə sovura bilərmi? Dünyanın nüvə müharibəsi ilə məhv olması fikri müsəlmanların, xüsusi ilə də, Həzrətin (əc) zühurunu gözləyən şiələrin əqidəsi ilə uyuşurmu? Üçüncü Dünya müharibəsinin fikri əsrin imamının zühuru ilə zidd deyilmi?

CAVAB

Qeyd edək ki, yer üzündə nüvə müharibəsinin başlaması fikri ehtimallar üzərində qurulub. Dünyada baş verən siyasi hadisələr heç bir dəqiq proqrama, qanuna əsaslanmadığından gələcəkdə nə baş verəcəyini demək çətindir. Bir şey aydındır ki, hazırkı şəraitdə Üçüncü Dünya müharibəsi gözlənilir. Bəli, bu müharibə nüvə müharibəsi də ola bilər. Amma kimsə deyə bilməz ki, Üçüncü Dünya müharibəsi labüddür. Eləcə də, bu müharibənin nüvə müharibəsi olacağı bir ehtimaldır. Allah-Təala dünya ölkələri başçılarına daha artıq ağıl payı verəcəyi təqdirdə, onlar nüvə müharibəsinin aqibətini daha yaxşı dərk edə bilərlər. Bəli, yer üzünü Üçüncü Dünya müharibəsindən yalnız və yalnız dünya ölkələri başçılarının düşüncəsi xilas edə bilər. Ən azı bu müharibədə nüvə silahından istifadə olunmaz.

Demək, Üçüncü Dünya müharibəsi ehtimalı müsəlmanların, eləcə də dünyada ədaləti bərpa edəcək İmamın (əc) zühuruna inanan şiələrin əqidəsi ilə zidd deyil. Müharibə haqqındakı proqnozlar yalnız ehtimallar üzərində qurulub və hansısa qanunauyğunluğa əsaslanmır. Müharibə ehtimalı bu gün mövcud olan şəraitdən yaranıb. Biz, əlbəttə, qeyd etmişdik ki, bəşəriyyətin bugünkü narahatçılığı və pərişanlığı onu ilahi hökumətin qəbuluna da hazırlaya bilər. Bir gün zülm-sitəmə düşmüş bəşəriyyət vəziyyətdən çıxa bilmədiyini dərk etsə, ilahi hökuməti qəbul etməyə məcbur olacaq. Əgər biz də nə vaxtsa Üçüncü Dünya müharibəsinin baş verəcəyini ehtimal etmişiksə, məqsəd bu olub ki, əgər bəşəriyyət materialist düşüncələrdən çəkinməsə, onu belə bir aqibət gözləyir. Bəli, bəşəriyyət bu gün tutduğu yolu dəyişməyə məcburdur.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr
Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni
Tәrcümә еdәn: А. Turаn

Müəllif:

Kateqoriyası:

Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir