QEYBİN FƏLSƏFƏSİ

HƏZRƏT MƏHDİNİN (əc) QEYBİNİN FƏLSƏFƏSİ NƏDİR?

İzah: Bilirik ki, həzrət Məhdi (əc) hicri-qəməri 260-cı ildə insanların nəzərindən qeybə çəkilib. Artıq o min ildən çoxdur ki, qeyb pərdəsi arxasındadır. Bu qeybin fəlsəfəsi nədir?

CAVAB

Bilməliyik ki, İmamın nəzərlərdən qeybdə olması onun başqa bir dünyada yaşaması demək deyil. Onun maddi vücudunda heç bir dəyişiklik baş verməyib. İmam xalq arasında yaşayır, xalq onu görür, amma tanımır. İmamın həyatı təbii bir həyatdır. 

Bəs nə üçün bu qeyb belə uzundur və onun fəlsəfəsi nədir? Sualın cavabında deməliyik ki, həzrət Məhdinin (əc) işi peyğəmbərlərin və sair imamların işindən fərqlənir. Onun işi qanunları hazırlamaq yox, bütün yer üzündə müəyyən qanunları həyata keçirməkdir. Ona bütün dünyada İslam təlimlərini gerçəkləşdirmək əmr olunub. Həzrət (əc) bütün yer üzündə haqq-ədaləti bərqərar etməlidir. 

Peyğəmbərlər və digər imamlar da bu istiqamətdə fəaliyyət göstərb. Amma onların dövründə bütün bəşəriyyətin haqqı qəbul etmək hazırlığı olmayıb. Əvvəlki ilahi rəhbərlərin nüfuzu dünyanın yalnız müəyyən hissəsini əhatə edib. 

Məlum məsələdir ki, bütün yer üzündə ədaləti bərpa edəcək inqilabın həyata keçirilməsi üçün münasib şərait və müqəddiməyə ehtiyac var. Bu şəraitlər isə yalnız ictimai təkamül nəticəsində yarana bilər.

Bu şərtlərə nəzər salaq:

1. Ruhi hazırlıq: İlk pillədə bütün bəşəriyyət uyğun üsulun icrası üçün təşnə və hazır olmalıdır. Nə qədər ki, belə bir tələbat yoxdur, təminat da olmayacaq. Qeyd edək ki, “tələbat və təminat” qanunu yalnız iqtisadi sferada hakim deyil. Uyğun qanun mənəvi sferada da qüvvədə qalır. Nə qədər ki, bəşəriyyətin ədalət, əxlaq, mənəviyyat istəyi yoxdur, bu nemətlərin onlara verilməsi də səmərəsizdir. 

Bəli, zaman ötdükcə, dünyəvi qanunlar uğursuzluğa düçar olduqca, insanlar problemlər qarşısında çarəsiz qaldıqca bütün bəşəriyyətdə ümumi bir fikir güclənəcək. Bütün yer əhli bir zaman anlayacaq ki, maddi qanunlar və beynəlmiləl təşkilatlar onların problemlərini həll etmək gücündə deyil. Bu yorğunluq və ümidsizlik nəticəsində dünya xalqları ilahi bir inqilaba ehtiyac duyacaqlar. Əlbəttə ki, belə bir ehtiyac yalnız o vaxt yarana bilər ki, insanlar bu gün dünyada hakim qanunların səmərəsizliyinə əmin olsunlar. Nəhayət, bu ümidsizlik nəticəsində ümumbəşəri bir inqilab üçün şərait yaranacaq və ilahi bir inqilab rəhbərinin zühuru gerçəkləşəcək. 

2. Bəşəri elmlərin və mədəniyyətlərin təkamülü: Haqq-ədalət əsasında ümumbəşəri bir hökumətin yaranması üçün bəşəri biliklər və mədəniyyətlər inkişaf etməlidir. Belə bir inkişaf üçün düşüncələr dərinləşməli və zaman keçməlidir. 

Ümumbəşəri bir hökumətin yaranması və bütün dünya xalqlarının İslamdan bəhrələnməsi üçün inkişaf etmiş bir mədəniyyətin olması zəruridir. Bu mədəniyyət yarananadək heç bir əməli iş görülməyəcək. Yenə də vaxta ehtiyac duyulur. 

3. Ümumi rabitə vasitələrinin inkişafı: Belə bir hökumətin ümumi rabitə vasitəsinə ehtiyacı var. Məhz bu rabitə vasitəsi ilə bəşəri qərarlar, hökmlər müxtəlif yollarla, qısa bir zamanda dünya əhalisinə çatdırılmalıdır. Bunun üçün isə güclü sənaye yaranmalıdır. 

4. Haqpərəst və fədakar insanların tərbiyəsi: Dünyada ədalətin bərpası kimi bir hədəfə çatmaq üçün qurucu insanlara ehtiyac duyulur. Ümumbəşəri inqilabın ordusunu məhz belə insanlar təşkil edəcək. Haqpərəst və fədakar insanların tərbiyəsi isə böyük təlaş və vaxt tələb edir. 

Bəzi rəvayətlərdə bildirilir ki, İmamın qeybdə olmasının uzun çəkməsinin fəlsəfəsi insanların sınaqdan çıxarılmasıdır. Bu məlumat da yuxarıda deyilənləri təsdiqləyir. Çünki İslam məntiqində imtahan və sınağın məqsədi pakruhiyyəli insanlar tərbiyə etməkdir. 

Yuxarıda sadalanan dörd şərtin ödənilməsi üçün yetərincə vaxta ehtiyac duyulur. Bəşəriyyətin cəhalətdən çıxıb həqiqəti dərk etməsi üçün vaxta ehtiyac var. Müəyyən vaxt keçməlidir ki, ümumbəşəri hökumətin qəbulu üçün bütün insanlarda hazırlıq olsun. Həmin hazırlıqdan sonra xüsusi vasitə və imkanlarla uyğun proqram Həzrət Məhdinin (əc) zühuru ilə gerçəkləşəcək. Həzrətin (əc) qeybinin uzun çəkməsinin də fəlsəfəsi budur. 

Bəs nə üçün İmam (əc) məxfi şəkildə yaşayır və kimsə onu tanımır? Axı o, ümumbəşəri inqilab gerçəkləşən zamanadək aşkar şəkildə də yaşaya bilərdi.

Sualın cavabında deməliyik ki, İmam (əc) başqa insanlar kimi adi bir həyat tərzi sürür. Sadəcə, onun ömrü uzundur. Əgər İmamın kimliyi məlum olarsa, dövrümüzün şər qüvvələri onu aradan götürər. Həzrət Məhdidən (əc) əvvəlki on bir imamın aqibəti deyilənlərə aşkar bir dəlildir. Bu gün yer üzərində ədalət carçılarına qarşı böyük bir təhlükə mövcuddur. Əgər əvvəlki imamlar şəhadətə yetirildikdən sonra başqa imam gəlirdisə, həzrət Məhdi (əc) sonuncu imamdır və onun həyatının qorunması zəruridir. Yer üzündə haqq-ədalətin bərpası məhz sonuncu imamın vasitəsi ilə gerçəkləşməlidir. Bəli, bütün bu səbəblərə görə ilahi əmrin icra gününədək İmam (əc) aşkar olmayacaq. 

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr
Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni
Tәrcümә еdәn: А. Turаn 

Müəllif:

Kateqoriyası: