ZÜHUR NİYƏ GECİKİR?

Nə üçün bu ilahi rəhbər bu müddət ərzində zühur etməyib? Əgər o doğrudan da bir böyük ictimai fəaliyyət üçün hazır idisə, o zaman həm kiçik qeybət dövründə, həm də ondan sonra indiyə qədər ictimaiyyət səhnəsində zahir olmamasına nə bais olub?

Halbuki kiçik qeybət dövründə ictimai inqilab etmək üçün lazım olan şərait daha rahat idi və onunla ardıcıllarının rabitəsi imama imkan verirdi ki, seçilmiş insanları bir yerə toplayıb öz işini bir mərhələdən başlasın. Həmçinin, qeybəti-suğra (kiçik qeybət) dövrünə hakim olan qüvvələr hazırda bütün elmi-texnoloji silahları öz ixtiyarında qərar verən qüdrətlərin çatdığı mərhələyə çatmamışdı.

Cavabında deyirik ki, hər bir inqilabın və hər bir ictimai fəaliyyətin qələbəsi bir sıra xarici real şəraitlərlə bağlıdır ki, onlar yaranmadan hədəfə çatmaq mümkün deyil.

Baxmayaraq ki, həzrət Məhdinin (əc) mövqe və şəraitinin bir qismi Allah tərəfindən asimani yönə malikdir, onun risalətinə həvalə olunan işlərin bütünlüklə icrası xarici real şəraitlərin yaranması ilə birbaşa bağlıdır.

Necə ki, bəşəriyyət cahiliyyət dövründən 5 əsr keçdikdən sonra axırıncı asimani risalət çağırışını bizim Peyğəmbərin (s) tərəfindən eşitməsini həsrətlə gözləyirdi, bu intizar, yəni ilahi proqramların icrası da xarici real şəraitlərin gerçəkləşməsini tələb edir.

Bunlar elə reallıqlardır ki, böyük bir dəyişiklik yaradılması üçün zəruridir. Yaxud bu reallıqlar əlverişli mühit və ümumi münasib fəzanı, eləcə də bəzi xüsusiyyətləri, köklü dəyişikliklər yaratmaq isə həmin hadisələrin baş verməsini tələb edir.

Məsələn, müqayisə məqamında Leninin Rusiyada rəhbərlik etdiyi inqilabı misal vurmaq olar. Bu inqilab üçün Birinci Dünya müharibəsi, çar imperiyasının tənəzzülə uğraması, ümumi cəhətlər və bir çox xüsusi amillər, dəyişiklər edilməsi üçün mühitin yaradılması, o cümlədən Leninin Rusiyanın daxilinə etdiyi səfərdə sağ qalması və inqilaba rəhbərlik etməsi kimi bir sıra hadislərin baş verməsi lazım idi. Əgər qarşısına kiçik bir xoşagəlməz hadisə çıxsaydı, inqilabın qələbə çalması çox çətin olardı.

Allah-Təalanın dəyişiklik qəbul etməyən qanunları bu əsasdadır ki, Məhdi (əc) ilahi inqilabının icrasında da inqilabın dərk olunub qəbul olunması üçün real gerçəklikləri, əlverişli mühiti, ümumi fəzanı hazırlasın. Məhz həmin dəlilə görə İslam, peyğəmbərlərin işinin sona çatmasından neçə yüz illər keçdikdən, acınacaqlı şərait və boşluq yarandıqdan sonra zahir oldu. Allah-Təala bütün qüdrəti ilə Peyğəmbərin (s) risaləti yolundakı maneələrin hamısını aradan götürməkdə, bu risalətin qəbul edilməsi üçün münasib şərait yaradılmasında belə bir üslubu tətbiq etmək istəmədi, əksinə insanların təkamülünə səbəb olan imtahan və sınaqları ilahi inqilabın bütün işlərini təbii şəkildə, ictimai amillər və dayaqlar əsasında yerinə yetirdi.

Əlbəttə, bu xüsusiyyət heç də mane ola bilməz ki, bəzən Allah subyektiv işlərə dəxalət etsin və qeyri-adi vasitlərlə onu görsün. Çünki əlverişli mühitin yaradılmasında subyektiv işlər heç də əsas rol oynamır, onlar yalnız bəzən münasib mühitdə hərəkət etmək üçün lazımdır.

Allah-Təalanın çətin anlarda ilahi rəhbərlərə etdiyi həqiqi diqqət və köməklər məhz bu qəbildəndir. İbrahimin (ə) risalətini qoruyub saxlamaq üçün Nəmrudun yandırdığı odu onun üçün sərin və salamat edir, əlində qılınc Peyğəmbərin başı üstünə gələn yəhudinin əlləri hissdən və təsirdən düşür və o, hərəkət etmək qabiliyyətini itirir.

Və yaxud güclü külək əsir və Xəndək müharibəsi günündə Mədinəni mühasirə edən düşmənlərin çadırlarını kökündən qopararaq onların qəlbinə vahimə salır. Amma bütün bunlar yalnız bir sıra subyektiv işlər və həssas anlardakı köməklərdən başqa bir şey deyil və bu köməklərdən əvvəl ümumi dəyişikliklər üçün münasib fəza və zəmin hazır olmalıdır.

İndi real həqiqətlərə müvafiq olaraq, İmam Məhdinin (əc) tutduğu mövqeni araşdıraq. Şübhəsiz, o həzrətin inqilabı da sair ictimai islahatlar kimi, icra olunmaq cəhətindən müəyyən ictimai şəraitlərə bağlıdır ki, gərək onlarla birgə irəliləsin. Çünki həzrəti Məhdi (əc) özünü heç də məhdud bir ictimai səviyyədə tədbir görmək üçün hazırlamayıb, əksinə, Allah tərəfindən ona elə bir risalət həvalə edilib ki, bütün yer üzünü hərtərəfli və bütün sahələrdə dəyişdirsin və nəticədə bəşər övladarını istisnasız olaraq zülm və haqsızlıq qaranlığından ədalət işığına doğru çəksin.

Belə bir genişmiqyaslı dəyişikliklər yalnız layiqli bir rəhbərin varlığı ilə sona yetmir. Çünki layiqli rəhbərin xüsusiyyətlərinə elə peyğəmbərlər öz dövrlərinin qaranlıq mühitlərində də malik idilər. Əksinə, layiqli rəhbərdən əlavə, ümumdünya səviyyəsində əlverişli inqilabi şərait və münasib fəza da lazımdır.

İnsani nəzərdən də baxsaq, gərək hər bir şeydən keçmək hissi inkişaf etmiş insanlar da vücuda gəlsin və onların daxilində məqsəd və stimul yaransın ki, həzrət Məhdinin (əc) ədalətli risalətini qəbul edə bilsin. Təkcə ictimai, mədəni və siyasi təcrübələrlə də mümkündür ki, insanların daxilində müəyyən hissiyyat yaransın və özünə yer tutsun. Çünki gərək bütün məktəblərin təcrübələri ilə mənfi və ağır yükləri öz üzərində hiss etsin və pak zatlardan, aşkar və gizli dünyadan kömək almaq üçün hazır olsun.

Maddi baxımdan da mövcud şərait Məhdinin (əc) vəzifəsinin bütün dünyada yerinə yetirilməsində gərək daha hazırlıqlı və qüdrətli olsun ki, qeybəti-suğra dövründəki şərait kimi olsun. Çünki dünyanın müxtəlif nöqtələri texnikanın inkişafı nəticəsində artıq bir-birinə yaxın sayılır və insanlar arasında rabitə və peyvəndlər daha yaxşı yerinə yetirilir.

Mərkəzi rəhbərlik aparatının camaatın risalət əsasında təlim-tərbiyəsi üçün lazımi rabitə növlərinə ehtiyacı var. Amma İmamın (əc) düşmənlərinin ixtiyarında olan maddi qüvvələrin təkamülü məsələsinə, habelə İmamın (əc) onlarla rəftar tərzinə gəldikdə, zühur gecikdikcə daha çox müşkülün yaranmasını nəzərə aldıqda, aşağıdakı məsələni yada salmaq kifayətdir:

İnsanlara ruhi-mənəvi məğlubiyyət və süstlük hakim olsa, bütün texnologiyanın maliki olmağa səbəb olan insan ruhiyyəsi tənəzzülə uğrasa, maddi qüvvələrin təkamül forması heç də irəliləməyəcək. Tarixdə çoxlu nümunələr görürük ki, bir yüksək mədəniyyətin quruluşu kiçik bir müharibənin ilkin təkanları ilə uçub-dağılır. Həqiqətdə o mədəniyyətin yüksək uca sarayları zahiri nəzərdən dağılmadan əvvəl içəridən çürüyür və öz həyatını davam etdirmək üçün lazım olan qüvvələri itirir.

Mənbə: İMAM MƏHDİ (əc) BARƏSİNDƏ TƏHQİQAT kitabından
Müəllif: ŞƏHİD AYƏTTULLAH SEYİD MUHƏMMƏD BAQİR SƏDR
Hazırladı: Rəsul Mahmudzadə

Müəllif:

Kateqoriyası: