İMAMA, YOXSA ZAMANA BƏNZƏYİRİK?.. 🔈

Zaman… Bəlkə də, Allahın bizə bəxş etdiyi ən dəyərli, geri qayıtmayan bir xəzinədir… Lakin elə bir ZAMANda yaşayırıq ki, hər kəs, hər şey bizdən bu neməti oğurlamağa çalışır. Bu oğrulara “xronofaq” deyilir. Televizor, kompüter oyunları, radio, hətta boş söhbətləri sevən dost-tanışlar – bir sözlə, bizi ƏSAS məqsədimizdən ayıran hər şey…

Bəs əsas məqsəd nədir?

Deyirlər, hər kəs valideynlərindən çox, zamanəsinə bənzəyər. Bəs zamanə çirkabla doludursa Məqsəd bu çirkaba bulaşmamağa çalışaraq nə üçün varıqsa onun üçün yaşamaqdır.

Quranın “Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat,56) ayəsini artıq eşitməyən, bilməyən müsəlman çətin tapılar. Bəs bu ayənin üzərində düşünən neçə nəfər var?..

Dərindən düşünsək, yaradılış məqsədimizdən çox uzaq olduğumuzu anlayarıq, zamanımıza yox, İMAMımıza bənzəməyə çalışarıq, zamanımızı onu tanımağa, onun vasitəsilə Allahımızı tanımağa sərf edərik…

Allahı tanıyan isə Onu sevər, Onu sevən qəzəbləndirmək istəməz, bütün varlığını Rəbbinə fəda edər… Bu isə ən gözəl fədakarlıqdır.

Təəssüf ki, dünyanın keşmə-keşi, “səs-küyü” çox vaxt bizə Axirəti, fitrətimizin “pıçıltısını” unutdurur. Elə yaşayırıq ki, sanki heç zaman ölməyəcəyik. Lakin bu qəflət yuxusundan ayıla bilənlərin də dəyəri bir başqadır.

Bəlkə, çoxları “Kaş Peyğəmbərlə (s) bir zamanda yaşayardıq” deyərək heyifisləniblər. Amma biz unuduruq ki,onun canişini, zamanımızın İmamı – İmam Zamanımız (əc) bizimlə bir əsrdədir, yaşayır, nəzəri üzərimizdədir.

Bəs haradadır? Nə yeyir? Nə içir? Nə geyinir? Harada gecələyir? Kiminlə həmsöhbət olur? Hansı çətinlikləri var? Ona necə yardım edə bilərik?..

Bizə ailəmizdən daha yaxın olan bu şəxsiyyət barədə nə qədər düşünüruk? Yuxarıdakı sualları həyatımızda özümüzə neçə dəfə vermişik? Onların cavablarını axtarmağa cəhd etmişikmi?

Əgər əsas suallar bizi maraqlandırmırsa, özümüzə necə “şiə”, “müntəzir” deyə bilərik?..

Görəsən, biz kimin ardıcıllarıyıq? Zamanın, yoxsa İmamın? Bu sual “Ölüm, yoxsa olum?” sualı kimidir. İmamsız həyat ölüm, İmamla yaşamaq isə dirilikdir. Zatən cismi öləndə hər kəsin ruhu diriləcək. Bütün həqiqətlər göz önündə olacaq. Mənalı bildiklərimizin bir çoxu mənasını itirəcək, mənasız sandıqlarımız, əhəmiyyət vermədiyimiz kiçik əməllər, hadisələr, hətta sözlərin nə qədər böyük və mühüm olduğu üzə çıxacaq… Boşa xərclənən dəqiqələr, saatlar, aylar, illər, həyatlar… Əldən gedən fürsətlər, bağlı qapılar önündə gözləyərkən üzümüzə açılan qapılar… Bəlkə, günümüzün bir saatınını olmasa da, azı bir dəqiqəsini bütün bunları görməyə çalışmaq üçün ayıraq?..

Axı boşuna deyilməyib ki, bir saat təfəkkür 60 il ibadətdən üstündür. Çünki bütün həyatımız düşüncələrimizdən asılıdır, hər şey beyindən başlayır… Düşüncələr, əqidə düzgün olmasa, ibadət əhəmiyyətini itirir. Necə ki, Şeytanın 6000 illik ibadəti bir təkəbbürün qurbanı oldu və onu cəhənnəmdən xilas etmədi….

Odur ki, gəlin ölmədən dirilək …

Müəllif: Fatimə Cəfəri
Mətni səsləndirdi: Minarə Əzizova

Müəllif:

Kateqoriyası: