HƏZRƏT ƏBÜLFƏZL (ə), İMAM MƏHDİNİN (əc) DİLİNDƏN

Allahın son höccəti, Bəqiyyətullah İmam Məhdi (əc) öz gözəl sözlərinin bir hissəsində əmisi Abbas (ə) haqqında buyurur:

Salam olsun Əmirəl-möminin Əlinin oğlu Əbulfəzl Abbasa (Əssəlamu əla Əbilfəzlil-Əbbas-ibni-Əmiril-muminin)! Böyük qardaşına həmdərd oldu, canını ona fəda etdi. Dünəndən sabahın bəhrəsini apardı. O, qardaşının fədaisi, onu müdafiə edən idi. Ona su çatdırmaq üçün çox çalışdı. Qolları kəsildi. Allah onun qatillərinə – Yezid ibn Rəqad və Həkim İbn Tufeyl Taiyə lənət eləsin. (Mənbə: “Əl-Məzar”, Məhəmməd ibn Məşhədi, 6-cı əsrin böyük alimlərindən olmuşdur.)

İmam (əc) Ədnan tayfasının iftixarı, Bəni Haşimin ayı, əmisi Abbasın (ə) uca sifətlərini belə sayır və onu tərifləyir:

1. Əbülfəzlin (ə) ən çətin şəraitdə qardaşı ilə həmdərd olması və tarixin zərbül-məsəlinə çevrilməsi;

2. Əbülfəzlin (ə) təqva vasitəsilə axirət azuqəsini hazırlayıb göndərməsi və nur, hidayət imamına yardım etməsi;

3. Abbasın (ə) öz canını, qardaşlarının və övladlarının canını Cənnət cavanlarının ağası İmam Hüseynə (ə) fəda etməsi;

4. Öz qanı ilə qardaşını müdafiə etməsi;

5. Zalım ordusunun bir qurtum suyun Peyğəmbər (s) ailəsinə çatmağa mane olmalarına baxmayaraq, Həzrət Abbasın qardaşı və əhli-beyti üçün su gətirmək üçün səy göstərməsi;

Əbülfəzlin bu xüsusiyyətləri İmamların (ə) dilindən heç vaxt düşməmişdir. Hürriyyət məktəbi Kərbəlada bu xüsusiyyətlərə malik olan bir şəxsiyyətin olması labüd idi. Həzrət Abbas (ə) bu xüsusiyyətləri ilə, Allahın övlasına qarşı Aşura günü Kərbəlada törədilmiş hadisənin nə qədər qanlı və insani dəyərlərdən uzaq bir faciə olduğunu öz çılpaqlığı ilə bəşərə təqdim etmişdir.

Hazırladı: Fərhad Mirzə

Müəllif:

Kateqoriyası: