İMAM MƏHDİNİN (əc) ÜMUMDÜNYA İNQİLABI (2)

Qiyam bayrağındakı şüar

Hər bir hakimiyyətin onu tanıda biləcək bir bayrağı vardır. Eləcə də hər bir qiyam və inqilabın öxünəməxsus bayrağı olması zəruri bir faktdır. Bu bayraqların üzərindəki gerbləri müəyyən həddə оnun rəhbərlərinin hədəflərini təmsil edirlər.

İmam Məhdinin (əc) ümumdünya inqilabının da özünəməxsus bayrağı olacaqdır ki, bu bayraqda məqsədəlayiq şüarlar həkk olunacaq. Əlbəttə, bu şüarın necə olacağı haqqında müхtəlif fikrlərin olmasına baxmayaraq, müştərək nəzər belədir: Bu şüar hamılıqla İmam Məhdinin (əc) əmrinə tabe edilməyə dəvət edir.1

İndi isə bu barədə bir neçə rəvayəti sizin nəzərinizə çatdırırıq. Rəvayətlərdən birində belə nəql edilir: “İmam Məhdinin (əc) bayrağı üzərində belə yazılıbdır: Eşidin və bilin! Ondan itaət edin!”2

Başqa bir rəvayətdə isə deyilir: “Mehdinin (ə.c) bayrağının şüarı belə olacaq:

البيعة لله “Əl-Bəy`ətu lillah! – Beyət yalnız Allaha məxsusdur!”3

Qiyamın baş verməsinə görə dünya хalqlarının sevinməsi

Rəvayətlərin dediyinə əsasən belə anlayış yaranır ki, Məhdinin (əc) qiyamı bütün insanların şadlığına səbəb olacaq. Bu şadlıq və razılıq hissləri müxtəlif formalarda bəyan edilmişdir. Bəzi rəvayətlərdə yer və göy əhlinin sevinci, bəzilərində isə ölülərin sevincindən söz açılıbdır. Hədislərin bəzilərində camaatın bu qiyamı necə qarşılayacaqları, bəziləri isə insanların öz yaxınlarının dirilib bu günü görməsi arzusu ön sırada gedir.

Biz isə bu barədə nümunə olaraq bir neçə rəvayəti diqqətinizə çatdırmaq istəyirik. Rəsulullah (s) belə buyurubdur: “Bütün yer-göy əhli, quşlar, yırtıcı heyvanlar və dənizdəki balıqlar İmam Mehdinin (əc.) zühurundan sevinəcəklər.”4

Əmirəl-möminin Əli (ə) isə bu haqda belə buyurur: “İmam Məhdinin (əc) zühur etdiyi zaman adı dillərdə gəzəcək, insanların varlığı İmam Məhdiyə (əc) məhəbbətlə dolub-daşacaqdır. Belə ki, onun adından başqa heç bir ad dillər əzbəri olmayacaq, onunla dostluq bütün insanların ruh və qəlblərini sirab edəcək.”5

Rəvayətlərin birində “yəşrəbunə hubbəhu” kimi belə bir ifadə işlənibdir. Bunun mənası “onun məhəbbətini içərlər” deməkdir. Burada İmam Məhdinin (əc) məhəbbəti, maye və yaxud sərin bir içkiyə bənzədilmişdir. Belə ki, insanlar bu mayeni tam istəklə içər və Məhdinin (əc) eşqi onların vücudlarına hоpar.

Həzrət Riza (ə) zühürdan öncəki bədbəxt hadisələr və fitnə-fəsadları sadaladıqdan sonra zühurdan sonrakı vəziyyət haqqında buyurur: “O zamanda insanların işi asan olacaq. Hətta ölülər yenidən dirilib bu dünyaya dönmələrini arzulayacaqlar.”6

İmam Sadiq (ə) də həmçinin bu barədə belə buyurur: “Elə bil ki, Həzrət Qaimi (əc) Kufə məscidinin minbərində əynində Rəsulullahın (s) zirehini geyindiyi halda əyləşdiyini görürəm.”

Bu sözlərdən sonra İmam Sadiq (ə) İmam Məhdinin (əc) zühurunun bəzi xüsusiyyətlərindən söz açaraq belə davam etdi: “Belə olduqda şadlıq və sevinc hisslərinin daxil olmadığı bir mömin qəbri qalmayacaq. Hətta ölülər də bir-birinin görüşünə gedəcək, İmam Məhdinin (əc) zühuru münasibətilə bir-birini təbrik edəcəklər.”

Bəzi rəvayətlərdə “tilkəl-fərəcəh” ifadəsindən istifadə olunmuşdur. Bu, “işlərin asanlığı və açılışı” deməkdir. Bərzəx əhli də İmam Məhdinin (əc) zühurunun bərəkəti nəticəsində zahir olacaqlar. Nəql оlunan bu rəvayətə əsasən, bu böyük qiyamın təsiri o qədər geniş olacaq ki, hətta ruhlara belə öz nüfuzunu göstərəcək.7

Zəiflərin və məzlumların qurtuluşu

İmam Məhdinin (əc) qiyamı zamanı bəşər cəmiyyətində bütün haqsızlıqların kökünün kəsilməsi, ədalətin bərpa olunmasına heç bir şübhə yoxdur. Söhbətimizin bu hissəsində siz oxuculara İmam Məhdinin (əc) qiyamı zamanı zərərçəkənlər və məzlumlara etdiyi yardımlar haqqında məlumat verəcəyik.

İslam Peyğəmbəri (s) buyurmuşdur: “Məhdi (əc) mənim ümmətimdən zühur edəcək. Allah-Təala onu insanların fəryadına yetişmək üçün xilaskar olaraq göndərəcək. O zaman insanlar nemət içində оlacaqlar.”8

Allah Rəsulu (s) insanların fəryadına yetişəcək şəxsi müəyyən millət, yaxud bir tayfaya aid etməmişdir.

Həqiqətdə “nas” (camaat) sözü elə İmam Məhdini (əc) insanların xilaskarı kimi tanıtmışdır. Elə bunun üçün də İmam Məhdinin (əc) zühurundan öncə bütün insanların vəziyyəti elə olacaq ki, hamı onun gəlişini arzulayacaq.

Cabir deyir ki, İmam Baqir (ə) belə buyurubdur: “İmam Məhdi (əc) Məkkədən Mədinəyə tərəf yola düşəcək və Bəni-Haşimdən оlan dustaqları azad edəcək. Sonra Kufəyə gedib orada da Haşim övladlarını azadlığa çıxardacaq.”9

Əbu Ərtat adlı bir şəxs deyir: “İmam Məhdi (əc) Məkkədən Mədinəyə sarı yola düşəcək və Bəni-Haşimdən оlan dustaqları azad edəcək. Sonra O, Kufəyə gedib oradakı Haşimi məhbuslarını azadlığa çıxaracaq.”10

Şərani deyir ki, İmam Məhdi (əc) qərbə çatdığı zaman Əndəlus camaatı onu qarşılayıb belə deyəcəklər: “Ey Allahın höccəti (dəlil-sübutu)! Əndəlus adasına və onun əhalisinə yardım et!”11

Kitabın adı: Son hakimiyyət
Tərcümə edən: Mətanət Hüseynova


1. İmam Baqir (ə) Əbu Həmzəyə belə buyurmuşdur: “Sanki Əhli-beytimin Qaimini (əc.) Nəcəf şəhərinə daxil olub ən yüksək qülləyə qalxaraq, Allah Rəsulunun (s) bayrağını açdığını görürəm. Bayraq açıldıqda Bədr müharibəsində olan mələklərin yerə endiyini də görürəm.” Təfsir, Əyyaşi, 1-ci cild, səh. 103; “Qeybət”, Numani, səh. 308; “Kəmalud-din”, 2-ci cild, səh. 672; “Təfsiri Burhan”, 1-ci cild, səh. 209; “Biharul-ənvar”, 52-ci cild, səh. 326.
2. “İsbatul-Hudat”, 3-cü cild, səh. 582; “Biharul-ənvar”, 52-ci cild, səh. 305.
3. “Fitən”, İbn Həmmad, səh. 98; “Mulahim”, səh. 68; İbn Tavus, “Əl-Qəvlul-Muxtəsər”, səh. 24; “Yənabiul-Məvəddə”, səh. 435; “Əş-Şiə Vər-Ricə”, 1-ci cild, səh. 210.
4. “Əqdud-Durər”, səh. 84 və 149; “Əl-Bəyan”, səh.118; “Mustədrək”, Hakim, 4-cü cild, səh. 431; “Əd-Durrul-Mənsur”, 6-cı cild, səh. 50; “Nurul-Əbsar”, səh. 170; “Mulahim”, İbn Tavus, səh. 142; “İhqaqul-Həqq”, 13-cü cild, səh. 150.
5. “Əl-Havi lil-Fətava”, 2-ci cild, səh. 68; “İhqaqul-Həqq”, 13-cü cild, səh. 324.
6. “Xəraic”, 3-cü cild, səh. 1169; “Qeybət”, Tusi, səh. 268.
7. “İsbatul-Hudat”, 3-cü cild, səh. 530.
8. “Əqdud-Durər”, səh. 167.
9. İbn Həmmad, “Fitən”, səh. 95; İbn Tavus, “Mulahim”, səh. 64; “Əl-Fətavəl-Hədisiyyə”, səh 31; “Əl-Qəvlul-Muxtəsər”, səh. 23.
10. İbn Həmmad, “Fitən”, səh. 83; “Əl-Havi lil-Fətava”, 2-ci cild, səh. 67; Muttəqi Hindi, “Burhan”, səh. 118; İbn Tavus, “Mulahim”, səh. 64.
11. Qurtəbi, “Muxtəsəru Təzkirə”, səh. 128; “İhqaqul-Həqq”, 13-cü cild, səh. 260.

Mənbə: Rizvan.az

Müəllif:

Kateqoriyası: