III ƏSRDƏ İSLAM DÜNYASININ SİYASİ DURUMU

İMAM ƏSKƏRİNİN (Ə) DÖVRÜNDƏ VƏ HƏZRƏT MƏHDİ (ƏC) DÜNYAYA GƏLƏN VAXT SİYASİ DURUM NECƏ İDİ?

CAVAB

İmam Əskəri (ə) hicri 232-ci ilin rəbiul-əvvəl ayında dünyaya göz açıb. O, üç Bəni-Abbasi hakimi ilə müasir olub: Mötəzz, Möhtədi, Mötəməd. Mötəməd Əhli-beytə (ə) xüsusi düşmənçiliklə yanaşırdı. O, göstəriş vermişdi ki, İmam Əskərinin (ə) şəhadətindən sonra onun evində axtarış aparılsın və övladı haqqında məlumat toplansın. Bu barədə hakimiyyəti Cəfər məlumatlandırmışdı.


Davud ibn Əsvəd deyir: “İmam Əskəri (ə) mənə bir əsa verib buyurdu: “Bunu Əmriyə çatdır.” Yolda əsa sındı və gördüm ki, onun arasında məktub var. İmamın xidmətinə qayıtdıqda bu məsələni danışdım. Həzrət buyurdu: “Kimlərinsə bizi təhqir etdiyini görsən, tapşırılmış işin ardınca get və məbada cavab vermək fikrinə düşəsən və onu tanıtdırasan. Çünki biz çətin şəraitdəyik. Sən yoluna davam et, bil ki, sənin halından xəbər tuturuq. Bunu yadında saxla.””[1]

Tarixi mənbələrdən məlum olur ki, İmam (ə) öz səhabələrinə ona salam verməməyi tapşırmışdı. Әks-təqdirdə onun üçün təhlükə yaranardı.[2]

Həzrət (ə) öz şiələri ilə görüş üçün yer müəyyənləşdirmişdi. O buyurmuşdu: “Filan yerdə, filan evə gecə vaxtı müraciət edin. Məni orada taparsınız.”[3]

Məhəmməd ibn Əbdüləziz Bəlxi deyir: “Sübh vaxtı qoyun satanların məhəlləsində oturmuşdum. Birdən İmam Əskərinin (ə) öz mənzilindən çıxdığını gördüm. Ürəyimdə dedim ki, bu şəxsin Allah höccəti olduğunu desəm, məni öldürərlərmi? Həzrət (ə) mənim yanımdan keçdiyi vaxt şəhadət barmağını ağızına yaxınlaşdırıb sakit olmaq işarəsi verdi. Həmin gecə Həzrətlə (ə) görüşdüm. O buyurdu: “Ya gizlətməlisən, ya da qətlə yetiriləcəksən. Özünə görə Allahdan qorx!”[4]

Mərhum Müqəddəs Ərdəbili buyurur: “Əgər hədisi, «bir kişi» ünvanı ilə nəql etsələr, nəzərdə imam Həsən Əskəri (ə) tutulmuşdur.”[5]

Bütün bu məlumatlar İmam Əskərinin (ə) dövründə və Həzrət Məhdi (əc) doğulan zaman vəziyyətin çətin olduğunu göstərir. Bu səbəbdən də Həzrət Məhdinin (əc) mövludu gizlədilmişdi.

Bu arada İmam Əskərinin (ə) iki vəzifəsi vardı: Həzrət (ə) həm övladının dünyaya gəlişini sübuta yetirməli, həm də bu işi elə görməli idi ki, onun həyatı üçün təhlükə yaranmasın.


[1]    “Bihar”, c. 50, s. 283.
[2]    “Bihar”, c. 50, s. 304.
[3]    “Bihar”, c. 50, s. 304
[4]    “Bihar”, c. 50, s. 289.
[5]    “Cameul-Ruvat”, c. 2, s. 462.

Mənbə: Rizvan.az

Müəllif:

Kateqoriyası: